Minimalizm


Azərbaycanda bir o qədər də məşhur olmayan bir həyat tərzi olan minimalizm artıq dünyanın bir çox ölkəsində insanarın həyat fəlsəfəsinə çevrilməkdədir. Minimalizm dedikdə insanların az ilə qane olması, az-çoxdur fəlsəfəsi ilə yaşamalarıdır. Minimalizmin mərkəzində bahali maşınlar, villalar, bahalı texnoloji avadanlıqlar deyil, insanın özü dayanır. Bir növ minimal əşyalar, minimal insanlar, minimal informasiyalar ilə sakit bir həyatdır minimalizm. 



Minimalizmdə ilk addım bizi əhatə edən, bir növ lazımsız olan, lakin atmağa, kiməsə verməyə ürəyimiz gəlməyən,  istifadə etmədiyimiz əşyalardan qurtulmaqdır. Minimalizmdə belə bir deyim vardır ki, sahib olduğumuz əşyalar, bir müddət sonra bizə sahib olmağa başlayacaqlar.  Hər birimizin qarderobunda son aylarda, son illərdə istifadə etmədiyimiz geyimlərimiz var. Biz əgər hər hansısa bir geyimimizi son 3 ayda istifadə etməmişiksə, növbəti aylarda həmən geyimi istifadə ehtimalımız demək olar ki sıfırdır. Minimalizmə ilk olaraq qarderobumuzu təmizləmək, istifadə etmədiyimiz geyimlərimizi ehtiyacı olanlara verməklə, həqiqətən də özümüzü rahat hiss etdiyimiz geyimlərimizi qarderobumuzda saxlamaqla başlamaq olar. 

Minimalizmdə ikinci addım ətrafımızdakı lazımsız insanlardan uzaqlaşmaq, oturub-durduğumuz, özümüzə yaxın bildiyimiz tanışlarımızın sayını minimuma endirməkdir. Hər kəslə yaxın olmaq, kər tanıdığımız insanla müəyyən bir vaxt keçirmək məcburiyyətində deyilik. Əgər hər hansısa bir görüşlər, hər hansısa bir dost-tanış kollektivi sizi sıxırsa, maraqsız gəlirsə, müəyyən bəhanələr ilə uzaqlaşın bu insanlardan. Çünki biz bu insanlar ilə görüşərkən müəyyən bir vaxt, müəyyən bir enerji sərf edirik. Əgər bü görüşlərin, bu insanların sizin üçün mənəvi cəhətdən faydası yoxdursa zamanla uzaqlaşın. 

Minimalizmdə üçünçü addım informasiya qəbulunu minimuma endirməkdir. Gün ərzində sosial şəbəkələrdən, müəyyən xəbər portallarından, televiziyadan onlarlarla məlumatlar alırıq. Lazımlı-lazımsız, bu informasiyar bizi stresə sürükləyir, özümüzün də xəbərimiz olmadan beynimizi məşğul edir. Ona görə də Facebook, İnstagram və bu kimi digər sosial şəbəkələrdən tədricən uzaqlaşmaq və zamanımızı yaradıcılığa, şəxsi inkişafa sərf etməyin, sevdiklərimizlə zaman keçirtməyin vaxtıdır. Adlarını çəkdiyim sosial şəbəkələrdə zaman keçirməklə biz real həyatdan uzaqlaşırıq, beynimizi digər insanların həyatlarına, nə yeyib içdiyinə, harada istirahət etdiyinə baxmaqla yoruruq. Zamanla sosial şəbəkələrdən uzaqlaşmaq, müəyyən vaxt limiti ilə istifadə etmək və ya ümumiyyətlə istifadə etməməklə həyatın yeni yönlərini kəşf etmiş olarıq.

Kapitalizm dövründə bizdən, əşyaları tez istifadə edib bitirmək və yenisini almağı beynimizə yeridib. Minimalist olmaq, eyni zamanda, xərclərimizə də diqqət etmək deməkdir. Çünki istifadə etdiyimiz əşyaları minimuma endirməklə lazımsız xərclərdən də uzaqlaşmış olarıq. Məsələn, bir minimalist istifadə etdiyi mobil telefonu onu qane etdiyi təqdirdə, yeni telefon almağı düşünməz, bunu lazımsız bir xərc kimi qiymətləndirər. Minimlizm ucuzluq naminə keyfiyyətsiz məhsul almaq, lazımlı əşyanın alınması zərurəti yarandığı zaman həmən əşyanın alınmasından boyun qaçırmaq demək deyil. 



Minimalizmin ən təməl fəlsəfəsi, maddi asılılıqdan azad olmaq, mənəvi rahatlığı tapmaqdır. Həyatda maddi olan hər şey müvəqqətidir. Biz isə müvəqqəti olan şeylər üçün dayanmadan çalışır, əldə etdiyimiz pullar ilə isə müvəqqəti istifadə etdiyimiz əşyaları alırıq. Madiyyatdan xilas olmaq, stressdən xilas olmaq deməkdir. Minimalizm fəlsəfəsinin ən gözəl izahı Platon tərəfindən söylənmişdir: “Əsas məsələ çox şeyə sahib olmaq deyil, əsas məsələ az şey istəməkdir.”. 





Комментарии

Отправить комментарий

Популярные сообщения из этого блога